Bütün payızlarda həsrət var Nov29

Tags

Related Posts

Share This

Bütün payızlarda həsrət var

Bütün payızlarda həsrət var.

Ya biraz məhəbbət,

Ya biraz ayrılıq,

Ya köhnə evin soyuq havası,

Ya da köhnə olan hərşey.

Bütün payızlarda həsrət var.

Bütün payızlardan əvvəl yay var.

Kəndlərin sevinci yay,

Boş evlərin güldüyü yay.

Buludun günəşi tutması,

Səhər üşütmələri və getmək üçün hazırlanmalar var.

Bu payızın gəlişində də hələki arxamızca su atan var.

Bütün payızlarda kənddəki nənələrin “Getmə” deyən baxışı var.

Bütün payızlarda babaların arxamızca fərəh dolu hüznü gizlədən baxışı var.

Bütün payızlarda bir neçə addımdan sonra geri dönüb təkrar sağollaşmalar var.

Bütün payızlarda ürəklər yumşaq olduğu qədər daş olduğu anlar da var.

Bütün payızlarda daşa dönmüş ürəklə geri çevrilib baxmamaq var.

Bilmirsən niyə?

Nənən ya da baban pis olar deyə?

Yoxsa… niyə?

Hələ də bilmirəm niyə?

Eləcə arxandaki yalnızlıq dolu kədərdən

Önündəki həyat dolu yalnızlığa gedirsən.

O vaxta qədərki, daha arxanı çevirib baxsan da kimsə olmayacaq.

Bu dəfə isə “kaş” dolu hisslər arxanca gəlir.

Ya da elə ancaq payızlarda gəlir.

Bütün payızlarda son olan nəsə var.

Bütün payızlar ya içimizi ağrıdar,

Ya da özü ilə elə bir hiss gətirər ki,

Kənddən ayrılan hərkəsin evində musiqi kimi səslənər

Kimsəyə deyə də bilmirsən ki,

Al musiqinin səsini, batdı qulaqlarım.

Bütün payızlarda qulaq batıran o səs var.

Bütün payızlarda həzinlik,

Bütün payızlarda tərketmələr var.

Bütün payızlarda boş evlərə qum, toz çirpan külək var.

Bütün payızlarda sakitlikdən qulaq batıran həyətlər,

Bu həyətlərdə sükutu pozaraq uçuşan yarpaqlar var.

Bütün payızlarda o yarpaqlar üstündə yemək axtaran pişiklər və itlər var.

Bütün payızlarda durğun həyat hissi, bütün hisslərdə nostalji var.

Kədəri ilə sevinci ilə

Bütün payızlarda həsrət ve adını bilmediyim nələrsə var.

 

Comments

comments